Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsində 6-cı turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu turun ikinci oyun günündə A, C və D Liqaları çərçivəsində 9 oyun təşkil edilib.
A Liqasının 1-ci qrupunda Xorvatiya yığması Portuqaliya ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib. Polşa yığması isə Şotlandiyaya uduzub. Portuqaliya yığması final mərhələsinə vəsiqə qazandığı halda Xorvatiya ikinci yeri tutub. Şotlandiya yığması üçüncü yerlə kifayətləndiyi halda, Polşa sonuncu olub.
4-cü qrupda sonuncu Avropa çempionu olan İspaniya millisi İsveçrəni qəbul edib və çətin qələbə sayəsində qrup lideri kimi növbəti raunda yüksəlib. Qrupun digər oyununda Serbiya Danimarkanı sınağa çəkib. Bu görüş sülhlə yekunlaşıb. Nəticədə Danimarka qrup ikincisi, Serbiya üçüncü olub. İsveçrə yığması isə aşağı liqaya düşüb.
C Liqasının 2-ci qrupunda Rumıniya yığması növbəti qələbə sayəsində qrup qalibi olub. Sonrakı yerləri Kosovo və Kipr yığmaları tutubsa, Litva aşağı liqaya yuvarlanıb.
3-cü qrupda isə son tur heç-heçələrlə yadda qalıb. Nəticədə Şimali İrlandiya qrup birincisi olub, Bolqarıstanla Belarus növbəti pillələri bölüşüblər. Lüksemburq yığması 3 xalla sonuncu olub.
Ən böyük sürpriz D Liqasının 1-ci qrupunda yaşanıb. Səfərdə Lixtenşyteynə qalib gələn San Marino yığması qrup qalibi kimi C Liqasına vəsiqə əldə edib. Cəbəllütariq ikinci, Lixtenşteyn sonuncu olub.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 6-cı turuna noyabrın 19-da yekun vurulacaq. Azərbaycan millisi də qrup mərhələsinin sonuncu günündə İsveç yığmasının qonağı olacaq.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
18 noyabr
A Liqası, 1-ci qrup
Xorvatiya – Portuqaliya 1:1
Qollar: Qvardiol, 65 – J.Feliks, 33.
Polşa – Şotlandiya 1:2
Qollar: Pyatkovski, 59 – Makqinn, 3. Robertson, 90+3.
Xallar: Portuqaliya – 14. Xorvatiya – 8. Şotlandiya – 7. Polşa – 4.
A Liqası, 4-cü qrup
İspaniya – İsveçrə 3:2
Qollar: Pino, 32. Xil, 68. Saraqosa, 90+3-pen – Monteyro, 63. Zeqiri, 85-pen.
Serbiya – Danimarka 0:0
Xallar: İspaniya – 16. Danimarka – 8. Serbiya – 6. İsveçrə – 2.
C Liqası, 2-ci qrup
Kosovo – Litva 1:0
Qol: Yaşari, 5.
Rumıniya – Kipr 4:1
Qollar: Birliqa, 2. Marin, 42; 80. Koman, 83 – Pittas, 52.
Xallar: Rumıniya – 15. Kosovo – 12. Kipr – 6. Litva – 0.
C Liqası, 3-cü qrup
Bolqarıstan – Belarus 1:1
Qollar: Panayotov, 13 – Martinoviç, 70.
Lüksemburq – Şimali İrlandiya 2:2
Qollar: Koraç, 72. Q.Rodriqes, 75 – Prays, 19. Bredli, 50.
Xallar: Şimali İrlandiya – 11. Bolqarıstan – 9. Belarus – 7. Lüksemburq – 3.
D Liqası, 1-ci qrup
Lixtenşteyn – San Marino 1:3
Qollar: Sele, 40 – Lazzari, 46. Nanni, 66-pen. Qolinuççi, 76.
Xallar: San Marino – 7. Cəbəllütariq – 6. Lixtenşteyn – 2.


