UEFA Mourinyo barəsində təhqiqata başladı

UEFARoma”nın baş məşqçisi Joze Mourinyo barədə hakimə qarşı təhqiramiz ifadələr işlətməsi səbəbilə təhqiqatlara başlayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Mourinyo Avropa Liqasının “Sevilya” ilə final oyunundan sonra qarşılaşmanın baş hakimi Entoni Teylora qarşı təhqiramiz ifadələr işlədib. Teylorun finaldakı işindən narazı qalmış portuqal mütəxəssis Budapeştdəki stadionun dayanacağında hakimə yaxınlaşıb və onu təhqirəmiz ifadələrə qonaq edib.

Mourinyo, “sən lənətəgəlmiş biabırçısan, lənətəgəlmiş biabırçı. Mumla, səsini kəs!”, deyə Entoni Teylora aqressiya göstərib. Hakim maşına minmək üçün Mourinyodan uzaqlaşdıqdan sonra isə Mourinyo mikroavtobusa yaxınlaşaraq təhqirlərini davam etdirib, “təbrik edirəm, lənətəgəlmiş biabırçı” ifadəsini işlədib.

Bu hadisə əsasında UEFA Mourinyoya qarşı “oyun rəsmisinin ünvanına təhqiramiz ifadələr işlədilməsi” maddəsi ilə intizam işi açıb.

Final oyununda Teylor “Roma”nın futbolçularına yeddi sarı vərəqə göstərib. Həmçinin ingilis hakim 75-ci dəqiqədə romalıların qapısına penalti təyin etmək istəsə də, videotəkrardan sonra fikrini dəyişib. Daha bir epizodda isə o, “Sevilya”nın futbolçusunun cərimə meydançasında topa əllə toxunmasına baxmayaraq, penalti təyin etməyib.

Xatırladaq ki, Avropa Liqasının finalında Mourinyonun rəhbərlik etdiyi “Roma” penaltilər seriyasında “Sevilya”ya 1:4 hesabı ilə məğlub olub (əsas və əlavə vaxt: 1:1).