UEFA “Osasuna”nı Konfrans Liqasından kənarlaşdırdı

UEFA danışılmış oyunlarla bağlı təftiş-yoxlama fəaliyyətinin yekunlarına əsasən “Osasuna”nı Konfrans Liqasında iştirakdan kənarlaşdırıb.

Arena.az bu barədə UEFA və “Osasuna”nın rəsmi bəyanatlarına istinadən xəbər verir.

“Osasuna” Klubu UEFA Nəzarət, Etika və İntizam Komitəsinin müfəttişləri tərəfindən tərtib edilmiş hesabatın nəticələrini öyrənib. Sözügedən hesabatda müfəttişlər “2023/2024 Avropa Konfrans Liqasında iştirakın yolverilməz olduğunu” bəyan edərək, klubu meydanda vicdanla qazandığı Avropa yarışlarında iştirak hüququndan məhrum ediblər. Səbəb 2013/2014 mövsümündə baş vermiş bəzi hadisələrdir”, deyə klubun rəsmi açıqlamasında bildirilib.

Xatırladaq ki, “Osasuna” 2013/2014 mövsümündə “Betis”lə əlbir olub “qara oyunlar” keçirməkdə ittiham edilir. O zaman “Osasuna”ya rəhbərlik edən prezidenti başda olmaqla klubun iki direktoru və meneceri şəxsi görüşdə “Valyadolid”i məğlub etmək və “Osasuna”ya məğlub olmaq üçün “Betis”ə ümumilikdə 600 min avro məbləğində rüşvət ödəyiblər (əvvəlcə, 400 min avro, sonra 200 min avro).

“Osasuna” 2022/2023 mövsümünü La Liqada 7-ci yerdə bitirərək, Avropa Konfrans Liqasında iştirak hüququ qazanmışdı. Komandanın heyəti və azarkeşlər son ana qədər UEFA-dan “Nuh əyyamından qalmış” keçmiş hadisələrə görə klubu Avropa Konfrans Liqasından kənarlaşdırmayacağına dair qərar gözləsələr də, UEFA güzəştsiz mövqe nümayiş etdirib. Nəticədə La Liqada 8-ci yeri tutmuş Bilbao “Atletik”i “Osasuna”nın yerinə Konfrans Liqasına yollanacaq. Ancaq buna qədər “Osasuna” rəhbərliyi UEFA-nın qərarından apellyasiya vermək niyyətindədir. Klub bu istiqamətdə fəaliyyətini səfərbər edib. Nəticənin yaxın vaxtlarda məlum olacağı gözlənilir.