UEFA-nın əli ilə COVID-19 pandemiyasının itkilərinə görə təzminat ödənilməsi ilə bağlı maliyyə qalmaqalının bəzi təfərrüatı ortaya çıxıb.
Arena.az bu barədə “The Objective” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu qalmaqalda UEFA prezidenti Aleksander Çeferin, o vaxt İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti olan Luis Rubiales, həmçinin o vaxt “Barselona”nın şərəfini qoruyan iki futbolçu – ispan müdafiəçi Jerar Pike və argentinalı hücumçu Lionel Messinin adları keçir.
Bildirilir ki, ən azı üç ay Pike və Messi, eləcə də Rubiales, pandemiya zamanı bəzi futbolçuların əziyyət çəkdiyi maaş ixtisarının təzminatını həyata keçirmək üçün UEFA-dan vəsait “çəkmək” məqsədilə qurumun rəhbəri Ceferin ilə danışıqlar aparıblar.
Vurğulanır ki, UEFA prezidenti 2020-ci ildə Messi, Pike və Rubialeslə bir neçə videokonfrans keçirərək, vəsaitləri futbolçulara yönləndirəcək plan hazırlayıb. Müvafiq plan çərçivəsində UEFA-dan, pandemiya itkilərinin təzminatını ödəmək üçün futbolçulara 30 milyon avro məbləğ təklif edilib.