Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Azərbaycan çempionu “Qarabağ” klubunu 26 000 avro cərimələyib.
Arena.az xəbər verir ki, buna Ağdam klubunun Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi Avropa Liqası matçında yaşananlar səbəb olub.
Azərbaycan çempionu “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 000 avro cərimə ödəyəcək.
Ağdam təmsilçisi azarkeşlər tərəfindən sözügedən oyunda lazerdən istifadə olunduğu üçün də 12 000 avro cərimələnib.
Xatırladaq ki, Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov birbaşa qırmızı vərəqə alıblar. Elvin Cəfərquliyev isə ikinci sarı vərəqədən sonra meydandan qovulub. Bundan əlavə, digər futbolçular – Abbas Hüseynov, Yassin Benzya, Kevin Medina, Marko Yankoviç və baş məşqçi Qurban Qurbanov sarı vərəqə ilə cəzalandırılıblar.
Bu, UEFA-nın cari mövsümdə Azərbaycan çempionuna kəsdiyi ikinci ağır cəzadır. Daha əvvəl, mövsümün əvvəlində “Qarabağ” 28 500 avro məbləğində də cərimə ödəmək məcburiyyətində qalmışdı.
Yeri gəlmişkən, UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı da 2 oyunluq cəzalandırıb. Buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.
Avropa futbol qurumu forvardın hərəkətini “ciddi kobud oyun” kimi qiymətləndirib.
Peritan Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmamıza kömək edə bilməyəcək.
Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliya yığmasına 1:4 hesabı ilə məğlub olmuşdu.


