UEFA “Qarabağ”ın oyununu idarə etmiş hakimi cəzalandırdı

UEFA-nın Nizam-İntizam Komitəsi, sərxoş halda yol nişanlarını oğurlamış iki polşalı hakimə intizam cəzası kəsib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Polyak hakimlər – Bartoş Frankovski və Tomaş Musyal layiqli davranışın əsas qaydalarını pozduqlarına, həmçinin idmanı və UEFA-nı nüfuzdan saldıqlarına görə ağır cəza alıblar. Onlar 2025-ci ilin iyun ayına qədər qurumun himayəsində keçiriəcək oyunlarda hakimlikdən kənarlaşdırılıblar.

Nəzərinizə çatdıraq ki, o vaxt, yol nişanlarının oğurlanmasında təqsirli bilinən sərxoş hakimlər Kiyev “Dinamo”su ilə “Reyncers” arasında keçirilmiş oyunda işləməli olsalar da, hakimlikdən kənarlaşdırılmışdılar. Sonradan məlum olmuşdu ki, Polşa Futbol İttifaqı (PZPN) əhli-kef hakimləri 90 gün müddətinə futboldan kənarlaşdırıb.

Xatırladaq ki, Bartoş Frankovski vaxtilə “Qarabağ”ın avrokubok oyununu da idarə edib. O, 2022-ci ildə Azərbaycan çempionu ilə Fransanın “Olimpik” (Marsel) komandası arasında keçirilmiş Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub. Bakıda baş tutmuş həmin oyun təmsilçimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Frankovski bu görüşdə Ağdam klubunun futbolçusu Filip Ozobiçi sarı vərəqə ilə cəzalandırıb.