UEFA rəsmisi vəzifəsini itirə bilər – Rusiyanı dəstəklədiyi üçün

İsveç Futbol İttifaqı (SvFF) bu ölkədən olan Karl-Erik Nilssonu UEFA-nın vitse-prezidenti vəzifəsindən uzaqlaşdıra bilər.

Arena.az xəbər verir ki, Nilsson 17 yaşadək futbolçulardan ibarət Rusiya komandalarının beynəlxalq yarışlara buraxılması haqda UEFA-nın müvafiq qərarını dəstəklədiyi üçün tutduğu vəzifəni itirmək təhlükəsiylə üzləşib.

Bu barədə “Expressen” dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, UEFA-da qurumun nizamnaməsinə dair belə təxmin edirlər ki, Nilsson İsveç Futbol İttifaqının tələbi ilə tutduğu vəzifədən uzaqlaşdırıla bilər. Qurumun müvafiq təkliflə çıxış etməsi bu işin icrasına sürətli rəvac verə bilər. Belə ki, SvFF Rusiya Futbol İttifaqının (RFS) hüquqlarının qismən bərpası məsələsini ilk qaldıran Nilssona etimad göstərmir.

Bir sıra Avropa ölkələrinin, o cümlədən Nilssonun vətəni İsveçin ruslarla oyunları boykot etməsi mənzərəsində, onun Rusiya komandalarının FIFA və UEFA-nın himayəsi altında keçirilən turnirlərdə iştirakına icazə verməsini dəstəkləməsi ciddi tənqid dalğasına səbəb olub.

Xatırladaq ki, sentyabrın 26-da UEFA 17 yaşa qədər futbolçulardan ibarət Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması ilə bağlı qərar qəbul etmişdi. Lakin oktyabrın 10-da qitənin ali futbol qurumu bu qərarın ləğv edildiyini açıqlayıb. Buna Avropanın əksər ölkələrinin ruslarla oynamaqdan imtinası səbəb olub.