UEFA Super Kubokunun baş hakimi bəlli oldu

İsveçrəli futbol hakimi Sandro Şerer UEFA Super Kubokunun “Real” və “Atalanta” arasında keçiriləcək oyununu idarə edəcək.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

36 yaşlı Şerer Almaniyada keçirilmiş 2024-cü il Avropa çempionatında çalışıb. Şerer 2015-ci ildən FIFA referisidir.

Xatırladaq ki, “Real” UEFA Super Kubokunda iştirak hüququnu ötən mövsüm Çempionlar Liqasının qalibi olmaqla, “Atalanta” isə ötən mövsün Avropa Liqasının qalibi olmaqla əldə edib.

2023/2024-cü illər mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Super Kuboku uğrunda oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək. Oyun avqustun 14-də baş tutacaq.

Xatırladaq ki, 1973-cü ildə təsis edilmiş UEFA Super Kubokunun ilk qalibi Niderland nəhəngi Amsterdam “Ayaks”ı olub. Kubokun cari sahibi isə “Mançester Siti”dir.

Vurğulayaq ki, “Barselona”, “Real” və “Milan” hər biri 5 dəfə qalibi olmaqla, UEFA Super Kubokunu ən çox qazanmış klublardır. Göründüyü kimi, “kral klubu” qalib olacağı halda mütləq rekord müəyyənləşdirəcək.