UEFA “Yuventus”u avrokuboklardan uzaqlaşdırır – Uzun müddətə

UEFA bu yay İtaliyanın “Yuventus” klubunu avrokuboklardan bir və ya bir neçə il müddətində xaric edə bilər.

Arena.az xəbər verir ki, bu haqda İtaliyanın ünlü “La Gazzetta dello Sport” nəşri yazıb.

Xəbərdə bildirilir ki, UEFA-da “Yuventus”un yeni rəhbərliyinin münasibətinə çox təəccübləniblər. İsveçrədə – Nyonda gözləyirdilər ki, Turin təmsilçisi yeni menecerlərin gəlişi ilə Avropa Super Liqa layihəsinin məhdudlaşdırılması məsələsində daha fəal olacaq. Buna rəğmən, Turində astagəllik müşahidə edilir. Ola bilər ki, “Yuventus” Avropa Şurasının məhkəmə qərarını gözləyir. “Barselona”nın prezidenti Joan Laporta və yeni Avropa turnirinin daha bir lobbiçisi “Qoca Sinyora”nın rəhbərlərindən fərqli olaraq, aprel ayında UEFA prezidenti Aleksandr Çeferinlə görüşmək və kəskin sualları şəxsən müzakirə etmək üçün Sloveniyaya uçmuşdular.

“Yuventus” isə özünün avrokubok taleyinin asılı olduğu UEFA ilə münasibətlərdə kələ-kötürləri hamarlamağa cəhd etmir. Futbol İttifaqının təmsilçilərinin əlində Turin prokurorluğunun “Yuventus”a aid saxtakarlıq və maliyyə fırıldaqlarına dair minlərlə səhifəlik təhqiqatları var. Onlar ola bilsin ki, iyun ayında öz hökmünü versinlər. “Yuventus”un 2020-ci və 2021-ci illərdə maliyyə feyr-pleyinin qaydalarını pozduğu aşkarlansa, bu, sözügedən kluba baha başa gələcək. Belə olan halda ciddi dərəcədə azaldılmış cərimə ödəmiş (19 milyon avro əvəzinə 3,5 milyon avro) Turin təmsilçisi avrokuboklardan bir və ya bir neçə mövsümlük xaric edilər bilər.

Xatırladaq ki, bu mövsümün gedişində “Yuventus”un A Seriyasında topladığı xallardan 15-i silinmiş, daha sonra müvəqqəti bərpa edilmişdi. Bir neçə gün əvvəl isə Turin klubunun yenidən 10 xalı silinib. Amma həm İtaliyada, həm də UEFA-da araşdırmalar davam edir və bu klubun daha ciddi sanskiyalarla üzləşməsi istisna edilmir.