UEFA fevralda Türkiyə və Suriyada baş vermiş zəlzələlərdən zərərçəkənlərə dəstək məqsədilə maliyyə vəsaiti toplamaq tədbirlərini elan edib.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA Uşaqlar üçün Fondu 2023-cü ilin fevralında Türkiyə və Suriyada baş vermiş zəlzələlərdən zərər çəkənlərə dəstəyini davam etdirir.
İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı həftəsi ərzində Fond hər iki ölkədə baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkənlərə yardım üçün ianələr toplayacaq.
Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək. Finaldan qabaq UEFA Türkiyə Futbol Federasiyası ilə sıx əməkdaşlıq edəcək. Qurum zəlzələlərdən zərər çəkmiş insanlara kömək etmək üçün bir sıra maliyyə vəsaitlərinin toplanmasını elan edib. Maddi-texniki və mənəvi dəstək tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.
Bu, xüsusi Zəlzələ Fondu vasitəsilə zəlzələ qurbanlarına yardım göstərən geniş humanitar əməliyyatı dəstəkləmək üçün UEFA və onun tərəfdaşı olan UEFA Uşaqlar üçün Fondu tərəfindən 200 min avro məbləğində toplanmış ilkin ianədən sonra göstərilən növbəti dəstəkdir. UEFA-ya üzv assosiasiyalar da 900 min avrodan çox ianə toplayaraq, qurumun təşəbbüsünü dəstəkləyiblər.
İanələr UEFA Uşaqlar üçün Fondu tərəfindən Türkiyə Futbol Federasiyası ilə sıx əməkdaşlıq şəraitində təsirə məruz qalmış icmalara fəal şəkildə kömək edən müxtəlif tərəfdaşlara və təşkilatlara paylanacaq. Bu tərəfdaşlar futbolla bağlı təşəbbüslər vasitəsilə uşaqlara psixi sağlamlıq dəstəyi təklif edirlər. Onlar həm də zəlzələlər nəticəsində ağır xəsarət almış uşaqların bərpasına kömək göstərirlər.
Xatırladaq ki, ÇL-in finalında “Mançester Siti” ilə “İnter” üz-üzə gələcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.