Futbol üzrə ABŞ milli komandasının yarımmüdafiəçisi Ueston Makkenni İtaliyanın “Yuventus” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərənin “Lids” klubuna keçib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Premyer Liqa təmsilçisi futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. İngilislər yarım mövsümlük icarə üçün “Yuventus”a 1.2 milyon avro ödəyəcəklər. Futbolçunun transfer hüquqlarının alınması üçün isə yayda 21 milyon avro əlavə ödəniş etmək lazım gələcək.
Ueston Makkenni 2020-ci ildən formasını geyindiyi “Yuventus”da 96 matça çıxıb. O, bu görüşlərdə 13 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Daha öncə Almaniyada “Şalke”nin formasını geyinmiş yarımmüdafiəçi məhz bu klubdan 20.5 milyon avro qarşılığında Turin təmsilçisinə keçmişdi. Makkenni ABŞ yığmasında da 41 oyuna 9 qol vurub.
“Lids” iki futbolçusu ilə də yollarını ayırıb. Polşadan olan yarımmüdafiəçi Mateuş Klix ABŞ-ın “DS Yunayted” klubuna transfer olunub. 32 yaşlı futbolçu MLS təmsilçisi ilə 2024-cü ilin 31 dekabrına kimi anlaşıb. O, 2017-ci ildən formasını geyindiyi “Lids”də 195 matça çıxıb, 24 qol və 21 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi “Krakoviya”, “Zvolle”, “Tvente”, “Kayzerslautern”, “Volfsburq”, “Utrext” kimi klubların da formasını geyinib. O, Polşa yığmasında 41 oyun keçirib, 2 qol vurub.
Co Gelhardt isə “Sanderlend”ə icarəyə verilib. İngiltərədən olan 20 yaşlı forvardın bu mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcəyi açıqlanıb. “Uiqan”ın yetirməsi olan futbolçu 2020-ci ildə 1 milyon avro qarşılığında transfer olunduğu “Lids”də 41 oyuna 2 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.