Ueyn Runi: “Mən görkəmli mütəxəssis olmaq istəyirəm”

“Plimut”un baş məşqçisi, ingilis mütəxəssis Ueyn Runi özünün futboldakı iddiaları haqqında fikrini paylaşıb.

Arena.az “The Guardian” dərgisinə istinadən, ingilis mütəxəssisin bu barədə fikrini diqqətinizə çatdırır:

“Mənim iddiam futbolla məşğul olmaqdır. Oynamağa xitam verəndə, elə, həmin gün “Derbi”də məşqçiliyə başladım. Sonra “Di-Si Yunayted”ə qoşulmazdan əvvəl bəlkə də bir həftəlik qısa fasilə verdim.

“Plimut”a qoşulmazdan əvvəl bir neçə ay məzuniyyətim vardı, bu, yaxşı hal idi. Bu, mənə bir məşqçi kimi etdiklərim barədə düşünmək üçün vaxt verdi. Belə vaxt keçirmək çox faydalı idi, amma fəaliyyətə qayıtmaq üçün yanğım böyük idi. Mən gedib evdə oturmaq istəyənlərdən deyiləm. Ən yüksək səviyyədə oynamış bəzi oyunçular fərqli bir məqamı sınamaqdan çəkinirlər, amma mən bunu etmək istəyirəm. Mən görkəmli mütəxəssis olmaq istəyirəm”, deyə Ueyn Runi vurğulayıb.

Xatırladaq ki, 38 yaşlı ingilis mütəxəssis 2024-cü ilin mayında “Plimut”un baş məşqçisi vəzifəsinə təyin edilib.