Voleybol üzrə Azərbaycan milli komandasının üzvü Ülkər Kərimova bundan sonra “Gəncə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir, Gəncənin eyniadlı klubu Azərbaycan millisinin üzvü ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. Kərimova komandanın yeni kapitanı olacaq.
Qeyd edək ki, voleybolçu ötən mövsümü “Abşeron”da keçirib.
Yeri gəlmişkən, Ülkər Kərimova Azərbaycan millisinin heyətində çıxış etdikləri Qızıl Avropa Liqasında ilk turun oyunları ilə bağlı danışıb. O, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Yarışa hazırlıq üçün az vaxtımız var idi. Buna baxmayaraq, yaxşı hazırlaşmaq üçün əlimizdən gələni etdik. Qızıl Avropa Liqasına uğurlu start verdik və ilk oyunda qələbə qazandıq. Faiq müəllimin tapşırıqlarını düzgün yerinə yetirdik və Xorvatiyanı quru hesabla məğlub etdik. Lakin ikinci oyunda Slovakiyaya uduzduq. Düşünürəm ki, həm ilk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi, həm də bizim öz səhvlərimiz istədiyimiz oyunu göstərməyə imkan vermədi. Rəqibə qarşı lazımi səviyyədə mübarizə apara bilmədik. Qarşıda daha dörd oyunumuz olacaq. Bizim həm Rumıniyada, həm də Bakıda doğma meydanda oyunlarımız olacaq. Bu qarşılaşmalarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandamız bunu bacara biləcək gücdədir. İnanıram ki, sonrakı oyunlarda baş məşqçinin tapşırıqlarını yerinə yetirə biləcək və qələbələr qazanıb final mərhələsinə yüksələcəyik”.
Xatırladaq ki, millimiz Qızıl Avropa Liqasının 1-ci turunun görüşləri çərçivəsində Xorvatiyaya (3:0) qalib gəlib. Növbəti görüşdə isə Slovakiyaya məğlub olub – 1:3.