Ulrix Höness: “Bayern”in bircə qəpik də artıq pulu yoxdur”

“Bayern”in fəxri prezidenti Ulrix Höness Münhen klubunun maliyyə vəziyyətini şərh edib, mümkün transferlərdən danışıb.

Arena.az jurnalist Maksimilian Koxa istinadən, Hönesin bu barədə fikirlərini təqdim edir:

“Daha iki və ya üç oyunçu getməyincə, daha transfer olmayacaq. Maks Eberl və Kristof Froynd yaxşı bilirlər ki, ulduz futbolçulardan biri getməyincə, başqa heç kim gəlməyəcək.

“Bayern”in artıq bircə qəpiyi də yoxdur”, deyə Höness bildirib.

Həmçinin Höness münhenlilərin 23 yaşlı kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin 2025-ci ilin yayında başa çatacaq müqaviləsinə dair vəziyyəti şərh edib.

Xatırladaq ki, daha əvvəl Deyvis “Bayern”in futbolçu ilə müqaviləsini yeniləmək məqsədilə təklif etdiyi illik 13-14 milyon avro məbləğ civarında şərti rədd edib. Kanadalı müdafiəçinin könlündən 20 milyon avro məbləğ keçir. Höness bu barədə klubun mövqeyini açıqlayıb:

“Biz ona açıq şəkildə bildirdik ki, müqaviləni yeniləməsə, müqaviləsinin bitməsinə icazə verəcəyik. O, daha pul almayacaq”, deyə Höness bildirib.

Əlavə edək ki, Deyvis “Real”ın da maraq dairəsindədir.

Ulrix Höness gənc futbolçulara edilən təzyiqlərdən narazılığını da bildirib:

“Mən Camal Musiala və Florian Virtsin pərəstişkarıyam. Hamı yaxşı bilir ki, mən Vrtsi “Bayern”də görmək istərdim. Amma düşünürəm ki, onların ətrafındakı səs-küy yolverilməzdir. Belə təzyiq altında onlar düzgün inkişaf edə bilməyəcəklər. Məncə, Camal Musialanı Dieqo Maradona ilə müqayisə etmək sərsəmlikdir. Bu, gənc futbolçuların xeyrinə deyil”, deyə Höness vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: