Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış etmiş futzal üzrə Azərbaycan milli komandasının üzvü Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futzalçı 2024/2025 mövsümündə ölkə çempionunun uğurları üçün tər tökəcək.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ülvi Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək. Onu da qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.
“Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyo, Kayke Aledes De Oliveyra, Covanni Valerio, serbiyalı Marko Prşiç, Aleksandar Yaniç, Lazar Milosavlyeviç və İlham Alıyevi də transfer etmişdi. Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıblar.
Təmsilçimiz UEFA Çempionlar Liqasında avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün “Sillamae Silla” (Estoniya), avqustun 24-də isə “Uddevalla” (İsveç) ilə qarşılaşacaq.
