Ülvi fikrini dəyişdi, “Qəbələ”yə 20 min güzəşt etdi – Son durum

Qəbələ”nin yeni müqavilə təklifi ilə razılaşmayan hücumçu Ülvi İsgəndərov nəhayət ki, bu klubla bağlı yekun qərarını verib.

Arena.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasındakı danışıqlar əyalət təmsilçisinin xeyrinə bitib.

Belə ki, “Qəbələ” aparıcı futbolçusunu heyətdə saxlamağa nail olub. 25 yaşlı futbolçu maaşının azalması şərtilə indiki komandasında qalmağa razılıq verib. O, bundan sonra “Qəbələ”də 20 min manat az maaşa oynayacaq. Futbolçu klubuna məhz bu qədər güzəşt edib. Ülvinin yaxın günlərdə yeni müqaviləyə imza atacağı gözlənilir.

Xatırladaq ki, İsgəndərova Premyer Liqanın digər təmsilçilərindən də sərfəli təkliflər vardı. “Zirə”, “Sumqayıt” və “Turan Tovuz” kimi klublar onu heyətində görmək istəyirdi. Amma Ülvi ona doğma olan “Qəbələ”də qalmağı üstün tutub.

Xatırladaq ki, Ülvi İsgəndərov “Qəbələ”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 114 oyuna çıxıb, 20 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2018/2019 mövsümündə icarə əsasında “Sumqayıt”da oynayıb və 20 oyuna 5 qol vurub. Azərbaycanın U-21 yığmasında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.