Ülvi İsgəndərov “Sabah”la matçı da buraxacaq

“Qəbələ”nin sağ vingeri Ülvi İsgəndərov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sabah”a qarşı keçirəcəkləri oyunu da buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda “Sabah”la qarşılaşacaq “Qəbələ” ev oyununa hazırlığı başa vurub.

Ülvi İsgəndərov komanda ilə hazırlığa qatılmayıb. O, fərdi məşqlə kifayətlənib. Zədə səbəbindən xeyli müddətdir komandasına kömək edə bilməyən yarımmüdafiəçi növbəti oyunu da buraxmaq məcburiyyətindədir.

Qeyd edək ki, sabah – mayın 12-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Sabah” qarşılaşmasına saat 17:00-da start veriləcək.

Yeri gəlmişkən, bu görüş iki komanda arasında 27-ci matç olacaq. Buna qədər rəqiblər ümumilikdə 26 dəfə görüşüblər. Əvvəlki oyunlarda “Qəbələ” 10 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Rəqib qapısına 28 qol vuran “Qəbələ” futbolçuları 40 top buraxıblar.

“Qəbələ”nin heyətində “Sabah”la oyunlarda Ülvi İsgəndərov daha çox – 4 dəfə fərqlənib. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel hərəyə 3 qol vurublar.

İndiyə qədər keçirilən 26 matçdan 22-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 6 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 13 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 38:20.

“Qəbələ” evdə keçirdiyi 12 görüşdə 5 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə dueldən xalsız ayrılıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15:14.