Azərbaycan güləşçisi Ülvü Qənizadə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş reytinq turnirinin qalibi olub.
Arena.az xəbər verir ki, turnirin sonuncu günündə daha 6 güləşçimiz qüvvəsini sınayıb.
60 kq
Nihat Məmmədli təsnifat mərhələsində rusiyalı Ənvər Allahyarova məğlub olub – 5:7.
72 kq
Ülvü Qənizadə rumıniyalı Vasile Lunqu (8:0) və isveçrəli Mixail Portmanı (9:0) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda türkiyəli Muhammed Ali Göçmen (7:1) üzərində də inamlı qələbə qazanan Avropa çempionumuz reytinq turnirinin finalına yüksəlib. Ülvü həlledici görüşdə macarıstanlı Levente Levaya çətinlik çəkmədən (7:0) qalib gələrək turnirin baş mükafatına sahib çıxıb.
97 kq
Murad Əhmədiyev ilk mərhələdə xorvatiyalı Kristian Lukaça heç bir şans tanımayıb – 9:0. Balakən güləş məktəbinin yetirməsi 1/16 mərhələdə misirli Mohamed Qabrı 3:1 hesabıyla mübarizədən kənarlaşdırıb. Bu mərhələdə millinin digər üzvü Murat Lokyayev eyni hesabla macarıstanlı Aleks Şokeyə uduzub. 1/8 finalda serbiyalı Mihail Kajaya xalçaya çıxmadığı üçün Əhmədiyev növbəti mərhələyə adlayıb. Əhmədiyev çexiyalı Artur Omarova da gücünü göstərərək (6:3) yarımfinala yüksəlib. Finalın bir addımlığında belaruslu Abubakar Xaslaxanov 1:4 hesabıyla məğlub olan Murad bürünc medal uğrunda isveçli Aleksander Styepanetiçlə güləşib. Əhmədiyev gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə uduzub – 2:3.
130 kq
Təsnifat mərhələsində millimizin üzvləri qarşılaşıblar. 1:1 hesabıyla başa çatan görüşdə Beka Kandelaki sonuncu xal prinsipinə əsasən Sabah Şəriətini üstələyib. Təmsilçimiz 1/8 finalda almaniyalı Jello Krahmerə qalib gəlib – 3:1. Kandelaki növbəti mərhələdə çinli Linqje Menqə minimal fərqlə məğlub olub – 1:2. Beka təsəlliverici görüşdə finlandiyalı Konsta Maenpaepaedən güclü olub – 8:1, amma bürünc medal uğrunda macarıstanlı Dariuş Vitekə 4:7 hesabıyla məğlub olub.
Beləliklə, güləşçilərimiz ilin ilk reytinq turnirində 2 qızıl və 5 bürünc medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) da bu turnirdə qızıl medal əldə etmişdi. Həsrət Cəfərov (67 kq), Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçimiz Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.