“Ümraniyəspor” futbol üzrə Türkiyə Super Liqasının 2022/2023 mövsümünün yekunlarına görə elitanı tərk edəcək. Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 35-ci turu çərçivəsində baş tutan “Ankaragücü” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyətdən sonra rəsmiləşib.
35 turdan sonra 27 xalı olan komanda hazırda 17-ci pillədə qərarlaşıb. Sözügedən kollektiv son üç turda qələbə qazansa belə, 15-ci pilləyə yüksələ bilməyəcək. Bu isə o deməkdir ki, Ümraniyə klubu Super Liqanı tərk edən ilk komandadır.
Elitanı tərk etməyə digər namizəd komandalar arasında 34 xalla 16-cı olan “Girəsunspor”, eləcə də “İstanbulspor” (35 xal), “Sivasspor” (37 xal), “Antalyaspor” (38 xal) və “Ankaragücü” (39 xal) var.
Xatırladaq ki, “Ümraniyəspor” 2021/22 mövsümünün yekunlarına görə tarixində ilk dəfə Super Liqaya yüksəlmişdi. Lakin komanda elitada cəmi bir mövsüm keçirdikdən sonra aşağı liqaya düşmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, Türkiyə Super Liqasına yüksələn ikinci komandanın da adına aydınlıq gəlib. Çempion “Samsunspor”un arından ikinci yeri tutan “Rizəspor” da elitaya yüksəlib. TFF 1-ci liqada mövsümün son turu çərçivəsində “Altınordu” ilə bərabərə (0:0) qalan rizəlilər də cəmi bir illik fasilədən sonra Super Liqaya qayıdıblar.
Xatırladaq ki, “Rizəspor” 2021/22 mövsümündə Super Liqada 17-ci yeri tutduğu üçün elitanı tərk etmişdi.
Çempion “Samsunspor” mövsümü 78 xalla birinci, “Rizəspor” 68 xalla ikinci pillədə bitirib. 67 xalı olan “Pendikspor” üçüncü sırada qərarlaşıb. “Bodrumspor”, “Sakaryaspor”, “Eyüpspor” 62 xal toplayıbsa, “Göztəpə” 60 xalla 7-ci yeri tutub. Bu dörd komanda öz aralarında pley-off oyunlarında üz-üzə gələcəklər. Pley-offun yarımfinalında “Bodrumspor” “Göztəpə” ilə, “Sakaryaspor” isə “Eyüpspor”la qarşılaşacaq. Qaliblər finalda üz-üzə gələcəklər. Sonda daha güclü olan komandanı Super Liqaya sonuncu vəsiqə uğrunda həlledici oyunlar gözləyir.