“Aston Villa”nın baş məşqçisi Unai Emeri “şirlər”in cari mövsümdə yarışlardakı çıxışları ilə bağlı duyğularını paylaşıb.
Arena.az İngiltərə klubunun rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən xoşbəxtəm, çünki azarkeşlərimizlə birlikdə özümüzü güclü hiss edirik və hədəflərimizə diqqət cəmləyərək çempionatda və Çempionlar Liqasında yaxşı mövqeyimizi qoruyuruq. Biz bu məqsədlərə nail olmağa çalışacağıq”, deyə Emeri “Aston Villa”nın iddiasını açıqlayıb.
Unai Emeri 2022-ci ilin noyabrı ayından bəri “Aston Villa”nı çalışdırır. “Şirlər”in Emeri ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 93 oyun, 51 qələbə, 18 heç-heçə, 24 məğlubiyyət. Topların fərqi isə 173:127 nisbətindədir.
Unai Emerinin komandası İngiltərə Premyer Liqasında 2023/2024-cü illər mövsümünü 38 oyunda topladığı 68 xalla 4-cü pillədə başa vurub. Bununla da “şirlər” klub tarixində ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ qazanıblar.
Emeri əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qalibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).
Təcrübəli məşqçinin çalışdırdığı komandalar arasında “Real Union”, “Arsenal”, “Spartak” (Moskva), “Valensiya” və “Almeriya” da var.


