Unai Emeri – Premyer Liqada dekabr ayının ən yaxşı məşqçisi!

“Aston Villa”nın baş məşqçisi Unai Emeri 2023-cü ilin dekabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir.

İspan mütəxəssis mükafat uğrunda mübarizədə “Bornmut”un ispaniyalı baş məşqçisi Andoni İraola, “Vest Hem”in şotland çalışdırıcısı Devid Moyes və “Liverpul”un alman baş məşqçisi Yurgen Klopu qabaqlayıb.

Hazırda Unai Emerinin yetirmələri Premyer Liqanın 20 turundan sonra 42 xalla 2-ci pillədə qərarlaşıblar və 45 xal toplamış lider “Liverpul”u təqib edirlər. “Aston Villa” çempionluğa iddiasını gizlətmir.

Unai Emeri “Aston Villa”nı 2022-ci ilin noyabrından çalışdırır. 52 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qaibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).

Xatırladaq ki, bu mövsüm İngiltərə Premyer Liqasında əvvəlki ayların ən yaxşı məşqçiləri bu mütəxəssislər olub:

Avqust – Angelos Postekoqlu (“Tottenhem”)
Sentyabr – Angelos Postekoqlu (“Tottenhem”)
Oktyabr – Angelos Postekoqlu (“Tottenhem”)
Noyabr – Erik Ten Haq (“Mançester Yunayted”)