“Union Berlin” 4 futbolçusu ilə yollarını ayırdı

Almaniya Bundesliqasında 2022/2023 mövsümünü dördüncü pillədə başa vuran “Union Berlin” komandası 4 oyunçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçilər Timo Baumqartl və Niko Gisselmann, eləcə də yarımmüdafiəçilər Levin Öztunalı ilə Tim Matsiyevski komandadan ayrılıb. Niderlandın PSV klubundan icarəyə götürülmüş Baumqartlın icarə müddəti başa çatdığı üçün komandasına qayıdacaq. Digər üç oyunçunun isə Berlin klubu ilə müddəti bitən müqaviləsi yenilənməyib.

Timo Baumqartl mövsümün əvvəlindən icarədə olduğu Bundesliqa klubunda 43 oyuna çıxıb. Almaniyadan olan 27 yaşlı mərkəz müdafiəçisi bu görüşlərdə 1 qol və 3 asistə də imza atıb.

Tim Matsiyevski də “Union”a bu mövsümün əvvəlində “Austriya Klagenfurt”dan gəlmişdi. 22 yaşlı alman vinger bu komandada cəmi 1 rəsmi matça çıxıb.

Niko Gisselmann 2020-ci ildən oynadığı paytaxt təmsilçisində 88 oyun keçirib. Almaniyadan olan 31 yaşlı sol cinah müdafiəçisi 3 qol və 10 məhsuldar ötürmə ilə də yadda qalıb.

Levin Öztunalı da 2021-ci ilin yayından “Union Berlin”də çıxış edirdi. Türk əsilli almaniyalı futbolçu burada cəmi 26 oyun keçirib. 27 yaşlı futbolçu bu görüşlərdə 2 asist müəllifi olub.

Berlin təmsilçisi bu dörd oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Union Berlin” Bundesliqanın geridə qalan mövsümündə 34 oyuna 62 xal toplayıb və 4-cü yeri tutub. Komanda qarşıdakı mövsümdə Almaniyanı UEFA Çempionlar Liqasında təmsil edəcək.