Almaniyanın “Union Berlin” klubu heyətini üç yeni futbolçu – Robert Skov, Andrey İliç və Vu Yen Çonla gücləndirib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Son olaraq “Hoffenhaym”da oynamış Skov Berlin təmsilçisinə azad agent kimi qoşulub. 28 yaşlı sol yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb.
Robert Skov peşəkar karyerasına Danimarkanın “Silkeborq” komandasında başlayıb. “Kopenhagen”də də oynamış futbolçu “Hoffenhayma”a 2019-cu ildə 10 milyon avroya transfer olunmuşdu. O, Bundesliqa təmsilçisinin heyətində 126 oyuna 12 qol vurub, 24 məhsuldar ötürmə verib. Skov 2019-cu ilin iyununda debüt etdiyi Danimarka yığmasında 14 oyun keçirib, 7 qol vurub, 3 assist edib.
Andrey İliç Fransanın “Lill” klubundan bu mövsümün sonunadək icarəyə götürülüb. Karyerası ərzində “Napredak”, “Yavor”, RFS, “Valerenqa” kimi klublarda da oynamış İliç, “Lill”ə bu ilin fevralında 3,75 milyon avro qarşılığında qoşulsa da, bu komandada möhkəmlənə bilməyib. O, Liqa 1 təmsilçisinin heyətində cəmi 4 oyuna çıxıb. Serbiyanın U-21 yığmasında oynamış 24 yaşlı futbolçu əsas millidə debüt şansı qazanmayıb.
Vu Yen Çon da Bundesliqanın digər klubu “Ştutqart”dan icarəyə götürülüb. Cənubi Koreyadan olan 24 yaşlı futbolçu Almaniyada daha öncə “Bayern” və “Frayburq”un da formasını geyinib. 2023-cü ildən “Ştutqart”da çıxış edən hücumameyilli yarımmüdafiəçi bu komandada 29 oyuna 2 qol və 3 assist müəllifi olub. 2021-ci ilin mart ayından Cənubi Koreya yığmasında çıxış edən futbolçu 21 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
“Union Berlin” də iki oyunçusunu icarəyə verib. 28 yaşlı hücumçu Kris Bedya “Hall Siti”yə, 26 yaşlı mərkəz yarımmüdafiəçisi Paul Yekkel isə Braunşveyq “Ayntraxt”ına keçib.