Keçmiş futbolçu, “Union Berlin”in hücumçusu və kapitanı, alman mütəxəssis Şteffen Baumqart “Dəmir İttifaq”ın yeni baş məşqçisi olub.
Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir:
“Biz onu seçdik, çünki onun bizə hər cəhətdən uyğun olduğuna əminik. Onun komanda idarəçiliyinə, oyunçuların inkişafına və ilhamlandırılmasına yanaşması qərarımızın vacib baxışı idi. Üstəlik, onun Bundesliqada təcrübəsi var və bu klubu beş barmağı kimi tanıyır”, – paytaxt təmsilçisinin mətbuat xidməti klubun direktoru Horst Heldtdən sitat gətirir.
52 yaşlı mütəxəssis dekabrın 27-də istefaya gndərilmiş danimarkalı mütəxəssis Bo Svenssonu əvəzləyib. Baumqart yanvarın 2-də komanda ilə işə başlayacaq.
Baumqart 2002-2004-cü illərdə “Union Berlin”də oynayıb, 68 oyun keçirib, 22 qol vurub, 8 məhsuldar ötürmə verib və eyni zamanda ilin sonunda iki dəfə komandanın ən yaxşı oyunçusu seçilib.
Məşqçi olaraq Baumqart “Maqdeburq”, “Berliner AK 07“, “Paderborn” və “Köln”ü çalışdırıb. Baumqartın son iş yeri “Hamburq”un sükanı arxasında olub.
Bo Svenssondan “miras” qalmış “Union Berlin” Almaniya Bundesliqasının 15 oyunundan 17 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.



