“Uotford” baş məşqçisi ilə vidalaşdı

İngiltərənin “Uotford” klubu baş məşqçisi Xisko Munyos ilə vidalaşıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Munyosun göndərilməsinə komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Uotford” ispaniyalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada 7 turdan sonra cəmi 7 xal toplaya bilib. Komanda son turda “Lids”ə 0:1 hesabı ilə uduzub.

“Uotford”da Türkiyə millisinin futbolçusu Ozan Tufan da forma geyinir.

Xisko Munyos 2020-ci ilin dekabrından Premyer Liqa təmsilçisinə rəhbərlik edirdi. 41 yaşlı məşqçi daha öncə Gürcüstanın “Dinamo” (Tiflis) komandasını da çalışdırıb.