“Uotford” Klaudio Ranyeriyə tapşırıldı

İngiltərənin “Uotford” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra italiyalı Klaudio Ranyeri çalışdıracaq.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 70 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, yeni vəzifədə uğursuz nəticələrə görə istefaya göndərilmiş ispaniyalı Xisko Munyosu əvəzləyib.

Klaudio Ranyeri 2015/16 mövsümündə “Lester Siti” ilə İngiltərə çempionu olub. O, İngiltərədə “Fulhem” və “Çelsi”yə də rəhbərlik edib. Təcrübəli mütəxəssis öz ölkəsində “Sampdoriya”, “Roma”, “İnter”, “Yuventus”, “Parma”, “Fiorentina”, “Napoli” və “Kalyari”də baş məşqçi kimi çalışıb. 2014-cü ildə Yunanıstan millisinə də rəhbərlik etmiş Ranyeri, İspaniyada “Valensiya”, “Atletiko”, Fransada isə “Monako” və “Nant”ı çalışdırıb.

“Uotford” bu mövsüm Premyer Liqada keçirdiyi 7 oyunda cəmi 7 xal toplayıb və 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.