Urs Fişer “Union Berlin”lə yeni müqavilə imzaladı

Almaniyanın “Union Berlin” komandasının baş məşqçisi Urs Fişer Bundesliqa klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Lakin İsveçrədən olan 56 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Onunla yanaşı, köməkçisi Markus Hofmannla da yeni müqavilə imzalanıb.

Urs Fişer 2018-ci ilin iyun ayından “Union Berlin”ə rəhbərlik edir. O, bu müddət ərzində sözügedən komandanı 169 oyuna çıxarıb. Berlin təmsilçisi bu matçlarda 72 qələbə qazanıb, 49 heç-heçə edib və 48 məğlubiyyətə üzülüb.

İsveçrəli mütəxəssis daha öncə ölkəsində “Sürix”, “Tyun” və “Bazel” kimi klublarda da baş məşqçi kimi çalışıb.

Sonda onu da xatırladaq ki, “Union Berlin” bu mövsüm Almaniya Bundesliqasında uğurlu çıxışı ilə seçilir. Komanda geridə qalan 7 turda 5 qələbə qazanıb, 2 heç-heçə edib və 17 xalla vahid liderdir. Sözügedən kollektiv ötən mövsümü də 18 komanda arasında 57 xalla 5-ci pillədə başa vurmuşdu.