Usman Dembele Dezire Dueni təriflədi: “Çox istedadlıdır”

PSJ-nin 27 yaşlı fransalı sağ cinah hücumçusu Usman Dembele parislilərin 19 yaşlı fransalı sol vingeri Dezire Due haqda qənaətini açıqlayıb.

Arena.az Dembelenun müvafiq açıqlamasını təqdim edir:

“Mən Dezireni hələ o, “Renn”də oynadığı vaxtdan tanıyıram. O, çox istedadlı oyunçudur. Fikrimcə, o, çoxuna nail olacaq. Hər şeydən əvvəl onda məni, bu yaşında sərgilədiyi peşəkarlığı təsirləndirir”, deyə Usman Dembele vurğulayıb.

Xatırladaq ki, PSJ Dezire Dueni 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb. Fransa nəhəngi bu keçid üçün 50 milyon avro məbləğində ödəniş edib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Dezire Due “Renn”in yetirməsidir. Due bütün karyerası ərzində “Renn”in heyətində 76 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

PSJ-də isə Due 43 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. Bu ilin mart ayında isə o, “xoruzlar”ın əsas yığmasında debüt edib. Dezire Fransanın U-17 yığması ilə Avropa çempionatının (2022) qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.