Usman Dembele: “PSJ oynadığım ən yaxşı komandadır”

PSJ-nin yeni transferi, fransalı sağ cinah vingeri Usman Dembele Paris klubunda çıxışı ilə bağlı təəssüratını paylaşıb.

Arena.az “Telefoot” dərgisinə istinadən Dembelenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Düşünürəm ki, bu, oynadığım ən yaxşı komandadır. PSJ-nin bütün mövqelərdə dünyanın ən yaxşı yığmalarında çıxış edən çox keyfiyyətli oyunçuları var. Böyük rəqabət var, amma bu, yaxşıdır və hər kəsi öz səviyyəsini mütləq qaldırmağa sövq edir. Mən irəliyə doğru bir addım atmalı, səmərəli olmalı, qol vurmalıyam”, deyə Dembele komandadakı tələblərini açıqlayıb.

Xatırladaq ki, Dembele PSJ-yə cari ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan keçmişdi. Buna rəğmən, iyun ayında fransalı futbolçu Kataloniya klubundan ayrılmaq fikrində olmadığını da bildirmişdi.

Dembelenin PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 38 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə verib və “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı Usman Dembeleni 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın