UWW Azərbaycanın altı güləşçisinə pul mükafatı ayırdı

Dünya Güləş Birliyi (UWW) dünya reytinqində üst pillələrdə qərarlaşan güləçilərə pul mükafatı ayırıb. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Dünya Güləş Birliyi daha öncə də oxşar mükafatlandırma prosesindən istifadə edirdi. Lakin təxminən 2 il idi buna fasilə verilmişdi. Məhz 2 illik fasilədən sonra güləşçilərə verilən pul mükafatı bərpa olunub.

UWW-dən verilən məlumata görə, güləşçilərin dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk “üçlük”də qərarlaşan pəhləvanlar alacaqlar. Reytinqdə ən yüksək yeri tutan idmançı 10000 ABŞ dolları, ikinci yerin sahibi 7000 dollar, üçüncü yerdə qərarlaşan isə 3000 dollar qazanacaq.

Artıq pul mükafatına layiq görülən güləşçilərin siyahısı da açıqlanıb. Siyahıda Azərbaycandan da altı güləşçi yer alıb.

Mükafat alan güləşçilərimiz

Sərbəst güləşdə cəmi bir təmsilçimiz bu mükafata layiq görülüb. Söhbət 92 kq çəki dərəcəsində üçüncü pillədə qərarlaşmış Osman Nurməhəmmədovdan gedir. O, 3000 ABŞ dolları alacaq.

92 kq
Kamran Qasempur (İran) – 76 xal
Məhəmməd Qurbanov (Rusiya) – 58
Osman Nurməhəmmədov (Azərbaycan) – 39

Qadın güləşində də bir təmsilçimiz pul mükafatı alacaq. 50 kq çəki dərəcəsində çıxış edən Mariya Stadnikə 3000 ABŞ dolları ayrılıb. 2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.

50 kq
Sara Hildebrandt (ABŞ) – 82 xal
Yui Susaki (Yaponiya) – 68
Mariya Stadnik (Azərbaycan) 60

Yunan-Roma güləşində isə dörd təmsilçimiz mükafatçılar sırasında yer alıb. Rafiq Hüseynov (82 kq) 10 000 dollar mükafat əldə edib. 2-10 oktyabrda Norveçdə keçirilən dünya çempionatında çempion olan Rafiq Hüseynov məhz bu yarışdan sonra dünya reytinqində bu çəkidə liderliyə yüksəlib. 33 yaşlı pəhləvanımız 70 xalla reytinqə başçılıq edir.

82 kq
Rafiq Hüseynov (Azərbaycan) – 70
Adlan Akiyev (Rusiya) – 61
Burhan Akbudak (Türkiyə) – 54

Digər yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sənan Süleymanov (77 kq) isə öz çəkilərində üçüncü olduğu üçün, 3000 dollar mükafat əldə ediblər.

55 kq
Ken Matsui (Yaponiya) – 58
Emin Səfərşayev (Rusiya) – 58
Eldəniz Əzizli (Azərbaycan) – 39

63 kq
Meysam Dalxani (İran) – 78
Leri Abuladze (Gürcüstan) – 56
Taleh Məmmədov (Azərbaycan) – 38

77 kq
Tamas Lorinç (Macarıstan) – 90
Roman Vlasov (Rusiya) – 72
Sənan Süleymanov (Azərbaycan) – 58

Xəbəri sosial şəbəkələrdə paylaş: