Valdemar Almeyda “Kəpəz”də – Rəsmi

Ötən mövsümü “Səbail”də keçirmiş anqolalı mərkəz yarımmüdafiəçisi Valdemar Almeyda bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Pana” ləqəbli futbolçu ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı yarımmüdafiəçi ötən mövsümü Premyer Liqamızın digər təmsilçisi “Səbail”də keçirib. O, paytaxt klubunun heyətində 39 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Valdemar Almeyda “Akademiko Vizeu”, “Maritimo”, “Leyksoeş”, “Turizense” kimi klubların da formasını geyinib. Pana Anqola yığmasında da 3 oyun keçirib, 1 qol vurub.

Xatırladaq ki, “Kəpəz” daha öncə Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya), Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya), Redon Mihana (“Erzeni”, Albaniya) kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”), Orxan Əliyev (“Araz-Naxçıvan”), Rauf Hüseynli (“Qəbələ”) və Turan Manafov (“Araz-Naxçıvan”) Gəncə klubuna cəlb olunub. Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənovla yeni müqavilə imzalanıb. Elçin Əlicanov (“Zirə”), Vüsal Məsimov (“Səbail”), Mate Kvirkviya, Adama Niane, Martins Junior (“Zirə”), Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili (“Zirə”), Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə bu yay Gəncə təmsilçisini tərk ediblər.