“Valensiya” – “Real” matçının hakiminə müvəqqəti cəza

La Liqanın 27-ci turunda “Valensiya” – “Real” oyununun (2:2) baş hakimi Xesus Xil Mansano müvəqqəti olaraq işindən kənarlaşdırılıb.

Arena.az bu barədə “Cadena SER” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə bu qalmaqallı məsələ ilə bağlı hadisələrin inkişafı gözlənilir.

Xatırladaq ki, həmin oyunda 0:2 hesabı ilə geridə olan “Real” əvvəlcə tarazlığı bərpa etmiş, ardınca isə oyunun son saniyələrində 3-cü qolu meydan sahiblərinin qapısına göndərmişdi. Məhsuldar ötürmə zamanı top havada hərəkətdə və qapı xəttini keçdiyi anda isə oyunun baş hakimi Xesus Xil Mansano oyunun bitdiyini elan edən final fitini səsləndirməklə, böyük bir biabırçılığa yol vermişdi. Üstəlik, qərarına etiraz edən qolun müəllifi Cud Bellingemə birbaşa qırmızı vərəqə göstərmişdi.

Vurğulayaq ki, İspaniyanın ən yaxşı hakimi Xesus Xil Mansano verdiyi bu yersiz qərarlar səbəbi ilə hazırda sosial şəbəkələrdə “tüpürcək torbasına” və “söyüş dağarcığına” çevrilib. Üstəlik ispan hakimi karikaturalarla bəzəyirlər.

Oyundan dərhal sonra “Real” ispan hakimliyində köklü dəyişikliklər etmək niyyətində olduğu bəyan edib.

Hazırda “Real” 27 turdan sonra La Liqanın yarış cədvəlində 66 xalla liderliyini sürdürür.