“Valensiya” Ruben Baraxa ilə müqaviləsini yenilədi

“Valensiya” “yarasalar”ın baş məşqçisi, ispan mütəxəssis Ruben Baraxa ilə razılaşmasını yeniləyərək müqaviləsini rəsmiləşdirib.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

İspan mütəxəssislə yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

48 yaşlı Ruben Baraxa peşəkar məşqçilik karyerasına 2011-ci ildə Madrid “Atletiko”sunda baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. İspan mütəxəssis məşqçilik karyerasına “Valensiya”nın yeniyetmələrdən ibarət komandasını çalışdırmaqla davam edib, “yarasalar”ın “B” komandasında baş məşqçi səlahiyyətlərinin icrasını həyata keçirən əvəzləyici olub. 2013-2015-ci illərdə “Valensiya”da çalışdıqdan sonra Baraxa “Elçe”nin sükanı arxasında ilk sərbəst məşqçilk fəaliyyətinə başlayıb. Ardınca ispan mütəxəssis “Rayo Valyekano”, “Sportinq” (Xixon), “Tenerife” və “Saraqosa”nı çalışdırıb.

Ruben Baraxa “Valensiya”ya 2023-cü ilin fevralında “yarasalar”ın baş məşqçisi vəzifəsinə təyinat alaraq qayıdıb. “Yarasalar” Baraxanın rəhbərliyi altında ümumilikdə 59 oyuna 22 qələbə, 14 heç-heçə, 23 məğlubiyyət yaşayıblar. Komandanın top fərqi isə 62:68 nisbətindədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümünü “Valensiya” İspaniya La Liqasında 49 xalla 9-cü yerdə başa vurub.

Xatırladaq ki, Ruben Baraxa futbolçu karyerasının son 10 ilini (2000-2010) məhz “Valensiya”da keçirib.