Milan “İnter”inin argentinalı hücumameyilli yarımmüdafiəçisi Valentin Karboni bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, “Olimpik” Karbonini icarə müqaviləsi əsasında öz heyətinə qatıb. İcarə bir illik müddətə razılaşdırılıb və 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilyə futbolçunun sonradan satın alınması haqda maddə daxildir. İcarə xərci “Olimpik”ə 1 milyon avro məbləğə başa gəlib.
Valentin Karboni “Lanus”un yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Kataniya”, “İnter” və “Montsa”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Karboni “Montsa”da icarə əsasında çıxış edib, 32 oyuna 2 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Valentin Karboni yığma komanda karyerasına İtaliyanın U-17 komandasında başlasa da, sonradan seçimini Argentina yığmasına yönəldib. Karboni “albiseleste”nin heyətində 2024-cü ilin martında debüt edib, 3 oyun keçirib, amma hələ məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Valentin Karboninin qənimətlər muzeyində “İnter”lə qazandığı İtaliya Super Kuboku (2022/2023) və Argentina yığması ilə qazandığı Amerika Kuboku (2023/2024) var.
“Transfermarkt” internet-portalı 19 yaşlı argentinalının transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.
Marsel “Olimpik”i İsveçin “Malmö” klubunun mərkəz müdafiəçisi Derek Korneliusu da heyətinə qatıb. Fransa klubu bu transfer üçün 4 milyon avrosundan keçib. Əslən Yamaykadan olan kanadalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Derek Kornelius peşəkar karyerasına “Lübek”də başlayıb. O, “Neumünster”, “Yavor İvanitsa”, “Vankuver”, “Panetolikos” kimi klublarda da forma geyinib. 26 yaşlı müdafiəçi 2023-cü ilin yayında müqavilə bağladığı “Malmö”nün heyətində 48 oyuna çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kanadanın U-23 yığmasında da oynamış Kornelius, 2018-ci ildə debüt etdiyi əsas millidə 26 oyuna çıxıb.
