Futbol üzrə Kosovo yığmasının yarımmüdafiəçisi Valon Berişa Fransanın “Reyms” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi onu Avstraliyanın “Melburn Siti” klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 29 yaşlı futbolçunun 2023-cü ilin 30 iyununa kimi icarədə olacağı diqqətə çatdırılıb.
Valon Berişa 2020-ci ilin yayında İtaliyanın “Latsio” klubundan 4.5 milyon avro qarşılığında “Reyms”ə transfer olunmuşdu. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 41 oyuna cəmi 1 qol vurub.
Berişa daha öncə “Latsio” ilə yanaşı, “Egersund”, “Vikinq”, “Zalsburq” və “Fortuna” (Düsseldorf) klublarının da formasını geyinib. İsveçdə dünyaya gələn, Norveçin aşağı yaş qrupları üzrə yığmalarında, hətta bu ölkənin əsas millisində də oynamış yarımmüdafiəçi, 2016-cı ildən Kosovo yığmasının uğurları üçün çalışır. O, bu komandada 36 oyuna 4 qol vurub.