Valter Massarri kubokdakı biabırçılığa aydınlıq gətirdi

“Napoli”nin baş məşqçisi Valter Massarri komandasının “Frozinone” ilə İtaliya Kuboku oyununda biabırçı məğlubiyyətini (0:4) şərh edib.

Arena.az “Sport Mediaset” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bizim kimi uğursuzluqla üzləşmək olar, amma belə anlarda belə, “Napoli” olaraq qalmalısan. Belə məğlub olmaq olmaz. Bizi əsasla fitə basdılar – uduzmaq olar, amma belə yox. Bu məğlubiyyət bizim üçün dərs olmalıdır, biz bir-birimizin üzünə baxmalı və yanıldığımızı etiraf etməliyik”, deyə Valter Massarri bildirib.

Xatırladaq ki, İtaliya Kubokunun 1/8 final mərhələsinin “Napoli” – “Frozinone” oyunu qonaqların Neapoldakı “Dieqo Armando Maradona” stadionunda meydan sahibləri, cari İtaliya çempionunu üzərində 4:0 hesablı gözlənilməz qələbəsi ilə başa çatıb. “Napoli” İtaliya Kubokunun cari mövsümündəki çıxışını başa vurub.