“Valyadolid” uruqvaylı baş məşqçiyə tapşırıldı

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Valyadolid” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, elita təmsilçisini bundan sonra Paulo Petsolano çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Uruqvaydan olan 39 yaşlı mütəxəssislə 2024-cü ilin 30 oyununa kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Xose Roxo Martini (Paçeta) əvəzləyib. Hansı ki, onun istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilir.

Paçeta 2021-ci ilin iyul ayından bu vəzifədə idi. O, bu komandanı bütövlükdə 75 matça çıxarıb – 36 qələbə, 13 heç-heçə və 26 məğlubiyyət. Sözügedən kollektiv La Liqaya ötən mövsümün yekununda məhz Paçetanın rəhbərliyi altında vəsiqə qazanmışdı.

Komanda bu mövsüm La Liqada keçirdiyi 27 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. “Valyadolid” hazırda 28 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Paulo Petsolano isə son olaraq Braziliyanın “Kruzeyro” komandasını çalışdırıb. O, 2022-ci ilin yanvarından rəhbərlik etdiyi bu komandadan 2023-cü ilin martında ayrılıb. Gənc mütəxəssis “Kruzeyro”nu B Seriyasında çempion da edib.

Peşəkar futbolçu karyerasını 2016-cı ildə Uruqvaynın “Torku” klubunda başa vuran Petsolano, məşqçiliyə də elə bu komandada başlayıb. O, daha sonra “Paçuka” və “Liverpul Montevideo” komandalarının da baş məşqçisi olub.

Sonda onu da qeyd edək ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.

Xəbəri sosial şəbəkələrdə paylaş: