Van Basten, Skoulz və Sneyderdən “Mançester Yunayted”ə tənqid

“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz “Tottenhem”lə uğursuz Premyer Liqa oyunundan (0:3) sonra klubu tənqid edib.

Arena.az ingilis veteran futbolçunun bu barədə fikrini təqdim edir:

“Onların necə oynayacağı bəlli deyil. Oyunlara necə yanaşacaqları, əks-hücumda oynayacaqları, yoxsa müdafiədə oturacaqları, ya da topa sahib olmağa çalışacaqları belə, bilinmir. Bizim heç bir fikrimiz yoxdur. Onlar məşqçisiz futbol komandası kimi görünürlər. Artıq iki ildən azacıq artıq vaxt keçib… Məsələn, Angelos Postekoqlu gələn ilk həftədən biz yəqin ki, “Tottenhem”in nə edəcəyini bilirdik və onlar bunu bu günə qədər də davam etdirirlər”, deyə Pol Skoulz fərqə işarə edib.

Niderland yığmasının keçmiş hücumçusu Marko van Basten də “Mançester Yunayted”in futbolçularını tənqid edib. O, həmçinin “qırmızı şeytanlar”ın ötən yay transfer siyasətini ən yaxşı surətdə gerçəkləşdirmədiyini vurğulayıb:

“Mən bu yeni oğlan Manuel Uqarteni son oyunda gördüm. Onun müqabilində 50 milyon avro məbləğ ödəyiblər və o, meydanda gəzir! Bu, necə mümkündür? Ten Haqın kifayət qədər yaxşı olmayan oyunçulara bu qədər pul xərcləməsi axmaqlıqdır”.

Niderland yığmasının keçmiş yarımmüdafiəçisi Uesli Sneyder isə “Mançester Yunayted” rəhbərliyini Erik ten Haqın gələcəyi ilə bağlı mövqeyinə görə tənqid edib:

“Biz indi, bu həftə Ten Haqın taleyinin həll ediləcəyi ilə bağlı xəbərləri oxuyuruq. Bu nə deməkdir? “Portu” ilə heç-heçə edib təsadüfən “Aston Villa”ya qalib gəlsə, bu, “Mançester Yunayted” üçün hər şeyi düzəldərmi? Bu klubun siyasəti necədir? Deməli, onlar artıq yeni məşqçi tapmaq üzərində işləyirlər, amma eyni zamanda, iki oyunun nəticəsi hər şeyi dəyişə bilər?”, deyə Sneyder təəccübünü ifadə edib.

“Çelsi” və “Brayton”un keçmiş baş məşqçisi Qrem Potter də “Mançester Yunayted”in cari mövsümünün əvvəlindəki nəticələri barədə danışıb. İngilis mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Mançester Yunayted”də işləmək həmişə çətindir. Bu, Premyer Liqanın gerçəkliyidir. “Mançester Yunayted” kimi böyük klubu idarə edəndə və ilk altılıqdan kənarda qalanda böyük təzyiqlə üzləşəcəksən”.