“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara ərindən boşanmasının təfərrüatını açıqlayıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Vanda bu ayrılığa təqsirkar olaraq səbəb olan şəxsin adını da açıqlayıb:
“Sonunda mən qərara gəldim ki, artıq boşanmaq istəyirəm. Uşaqlarımızla əlaqədar yazışmalar, fotolar və videolar tapdım. Bu, çətin idi, amma bunu terapiya sayəsində adlayıb-keçdim. Rəfiqəm mənə qarşı heç vaxt belə davranmazdı, baxmayaraq ki, mən onu həmişə dəstəkləmişəm. Doğum günü təbriklərimizə rəğmən, mən məyusam. Kişi tam məsuliyyəti daşıyır.
Hər şeyin niyə çökdüyünü başa düşə bilməyən uşaqlarım başda olmaqla, hamımız yüksək bədəl ödədik. İndi ətrafımızda çoxlu söz-söhbət var, amma həqiqət budur ki, biz münasibətləri xilas etməyə çalışdıq, amma daimi münaqişələr bunu mümkünsüz etdi”, deyə Nara vurğulayıb.
Xatırladaq ki, Nara uzun müddət İkardinin agenti olub və onun maraqlarını təmsil edib. Əvvəllər bildirilmişdi ki, Vanda Maurodan 38,5 milyon avro məbləğində haqq tələb etmək istəyir, belə ki, cütlük iki qız böyüdüb.
Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a 2023-cü ilin iyulunda 10 milyon avro məbləğ müqabilində PSJ-dən tamhüquqlu əsasda keçidlə qoşulub. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə İkardi “Qalatasaray”ın heyətində 14 oyuna 6 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
İkardinin “Qalatasaray”ın heyətində çıxışının ümumi mənzərədi 87 oyun, 61 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
İkardi “Qalatasaray”la 2022/2023-cü və 2023/2024-cü illər mövsümlərində Türkiyə Super Liqasının qalibi olub, eləcə də 2023/2024-cü illər mövsümü Türkiyə Super Kubokunu qazanıb. Həmçinin İkardi 2023-cü ildə Türkiyədə ilin futbolçusu seçilib, 2023/2024-cü illər mövsümündə isə 25 qolla Türkiyə Super Liqasının ən sərrast qolçusu olub.
Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.
Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


