“Monako”nun və Braziliya millisinin sağ cinah müdafiəçisi Vanderson de Oliveyra Kampos Liqa 1 təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə knyazlıq klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 22 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2028-ci ilin 30 iyununa qədər bu klubda qalacaq. Onun klubla əvvəlki müqaviləsi 2027-ci ilin yayına kimi idi.
Vanderson de Oliveyra Kampos Braziliyanın “Qremio” klubunun yetirməsidir. “Monako” onu 2022-ci ilin yanvarında 11 milyon avro qarşılığında heyətinə qatıb. Braziliya millisində 1 oyun keçirmiş müdafiəçi Liqa 1 təmsilçisinun heyətində 76 oyuna çıxıb, 5 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, “Monako” bir neçə futbolçusunu da icarəyə verib. Mərkəz müdafiəçisi Krislen Matsima Fransa çempionatının digər təmsilçisi “Klermon”a keçib. 21 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. “Monako”nun öz yetirməsi olan Matsima, daha öncə “Loryan”da da icarədə olub. Fransalı futbolçu knyazlıq klubunun əsas komandasında 41 matça çıxıb, 2 assistlə yadda qalıb.
Dayaq yarımmüdafiəçisi olan Eliot Mataso Belçika “Antverpen”inə icarəyə verilib. 21 yaşlı futbolçu da mövsümün sonuna kimi icarədə olacaq. “Anderlext”in yetirməsi olan konqoəsilli belçikalı futbolçu 2018-ci ildən “Monako”dadır. O, bu klubun əsas komandasında 77 oyuna 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
Mayron Boadu isə bu mövsümün sonuna kimi Niderlandın “Tvente” klubunda icarədə olacaq. “Alkmar”ın yetirməsi olan 23 yaşlı hücumçu 2021-ci ildə 17 milyon avro qarşılığında üz tutduğu “Monako”da 68 oyun keçirib, 10 qol və 2 assistlə yadda qalıb. O, Niderland yığmasında da 1 oyun keçirib, 1 qol vurub.
Mərkəz müdafiəçisi olan Florian Baranik isə mövsümün sonuna kimi “Kann” klubunun uğurları üçün çalışacaq. 22 yaşlı fransız futbolçu “Monako”nun öz yetirməsi olsa da, heç vaxt əsas komandada oynamayıb.