Çexiya yığmasının və Praqa “Slaviya”sının hücumçusu Vatslav Yureçka bundan sonra “Rizəspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Super Liqa təmsilçisi bu transferi 1,2 milyon avroya rəsmiləşdirib. 30 yaşlı çexiyalı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
“Opava”nın yetirməsi olan Vatslav Yureçka “Sparta” (Kolin) və “Slovatsko” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Slaviya”da çıxış edən hücumçu bu komandanın heyətində 81 oyuna çıxıb, 49 qol vurub, 12 məhsuldar ötürmə verib. Çexiya yığmasında da 9 oyun keçirmiş futbolçu 1 qol və 1 assist müəllifi olub.
“Rizəspor” İngiltərənin “Şeffild Yunayted” klubunun qapıçısı İvo Qrbiçi də heyətinə qatıb. Türkiyə klubu 28 yaşlı qolkiperi bu mövsümün sonunadək icarəyə götürüb.
İvo Qrbiç Split “Hayduk”unun yetirməsidir. O, “Lokomotiva”, “Atletiko” (Madrid), “Lill” kimi klubların da formasını geyinib. “Şeffild Yunayted”ə bu ilin yanvarında “Atletiko”dan 2,5 milyon avro müqabilində keçmiş xorvat qapıçı İngiltərə klubunun heyətində 11 oyun keçirib, 32 qol buraxıb. O, Xorvatiya millisində də 2 oyuna çıxıb.
“Rizəspor” “Manisa”nın mərkəz müdafiəçisi Ayberk Karaponu da heyətinə qatıb. 20 yaşlı futbolçu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb.
“Altınordu”nun yetirməsi olan Ayberk Karapo “Manisa”nın heyətində 50 oyun keçirib. O, bu oyunlarda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.
İspaniyalı hücumameyilli yarımmüdafiəçi Oskar Pinçi də “Rizəspor”dan azad agent kimi ayrılaraq “Erokspor”a keçib. 28 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Oskar Pinçi 2023-cü ilin avqustunda “Las Palmas”dan “Rizəspor”a keçsə də, bu komandada cəmi 15 oyun keçirib. O, karyerası ərzində “Mirandes”, “Ekstremadura”, “Fuenlabrada”, “Deportivo”, “Las Palmas”, “Rasinq Ferrol” kimi klubların da şərəfini qoruyub.