Vensan Kompani də oyun təqviminin sıxlığından şikayətçidir

“Bayern”in baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani müasir futbolda oyun təqvimin sıxlığı ilə bağlı fikirini paylaşıb.

Arena.az xatırladır ki, daha əvvəl “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri ifrat sıx oyun təqvimi ilə bağlı, oyunçuların tətil keçirməyə hazır olduğunu dilə gətirmişdi.

“Son illərdə bu, artıq gündəmdə idi. Mən FIFPRO (Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası) oyunçular birliyinin üzvü idim. Biz bu mövzuya həmişə çox ciddi yanaşmışıq. Məsələ təkcə oyunlarla bağlı deyil, həm də səfərlər, o cümlədən milli komandalarla bağlıdır. Bu, təxminən 75-80 oyundan ibarətdir. Hətta bir futbolçu kimi tələb etmişdim ki, futbolçular üçün mütləq oyun sayı təyin edilsin ki, bunun bir məhdudiyyəti olsun. Bu, onların sağlamlığını və klubların maraqlarını qoruyur. Sonda isə həm də çətin anlar yaşayan məşqçilərin qayğısına qalır. Bunda böyük bir məna olardı”, – Vensan Kompani “Bayern & Germany” dərgisinə açıqlamasında bildirib.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdı.