“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqanın 12-ci turunda Dortmund “Borussiya”sı ilə səfər oyununu şərh edib.
Arena.az xatırladır ki, oyunun 33-də dəqiqəsində zədələnmiş ingilis mərkəz hücumçusu Harri Keynin xidmətindən məhrum olmuş “Bayern”, “vuran ayaq”sız qalmasına rəğmən, çətin Dortmund səfərindən 1 xal əldə edə bilib.
“Əlbəttə, Harrinin qol vurmaq qabiliyyətini nəzərə alsaq, onun yoxluğunu sığortalamaq çətindir, amma biz əvvəldən komandamıza güvənimiz haqda danışmışıq. İkinci hissədə çoxlu qol fürsətləri yarada bildik. Komanda hücumda çox yaxşı çıxış edir. Keyni bir nəfərlə əvəz etmək çətindir, amma bizim heyətimizdə olan oyunçu seçimi ilə bu fəsadı başqa cür həll edə bilərik”, – “Bayern & Germany” dərgisi belçikalı mütəxəssisdən sitat gətirir.
Xal itkisinə rəğmən, “Bayern” Almaniya Bundesliqasının yarış cədvəlində zirvədəki mövqeyini qoruyub-saxlaya bilib. Cari mövsümdə milli çempionatda məğlubiyyət tanımayan Almaniya nəhəngi 12 turdan sonra 30 xalla mütləq liderdir. Dortmund “Borussiya”sı isə 20 xalla 5-ci pillədə qərarlaşıb.


