Almaniyanın “Bayern” komandasının baş məşqçisi Vensan Kompani fransalı cinah hücumçusu Maykl Olisenin çıxışını dəyərləndirib.
Arena.az belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Maykl Olise xüsusi istedaddır. “Bayern”də bu qədər yaxşı oyunçuya sahib olmaq bir ehtişamdır. Maykl çox yaxşı çıxış edir. Onun “Bayern”dəki debütü bundan yaxşı ola bilməzdi. Ona bu ruhda da davam etmək gərəkdir. Mən onun çox təzyiq hiss edən oyunçu olduğunu hiss etmirəm. O, sadəcə futbolu sevir”, deyə Vensan Kompani bildirib.
“Bayern”in hücumçusu Harri Keyn fransalı cinah hücumçusu Maykl Olise ilə Almaniya nəhənginin niderlandlı keçmiş cinah hücumçusu Aryen Robbenin müqayisəsi haqda fikrə münasibət bildirib. İngilis ulduzun bu barədə fikrini təqdim edirik:
“Bu həddən artıq lazımsız müqayisədir, onun Robbenə çatması üçün hələ uzun bir yol var. Robben öz mövqeyində dünyanın ən yaxşılarından biri idi. Bununla belə, Maykl öz futbolundan və Münhendəki vaxtından həzz alır”.
Xatırladaq ki, “Bayern” Maykl Oliseni bu ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 22 yaşlı futbolçu Münhen klubunun heyətində 6 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.
Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu bu ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 2 oyun keçirsə də, hələ fərqlənə bilməyib.