Vensan Till əməliyyat olundu

Futbol üzrə Lüksemburq yığma komandasının və “Sabah”ın hücumameyilli yarımmüdafiəçisi Vensan Till əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Lüksemburqdan olan 24 yaşlı futbolçu ölkəsindəki klinikalardan birində cərrahi müdaxiləyə ehtiyac duyub. O, dizindəki çarpaz bağlardan əməliyyat edilib.

Vensan Tilin nə vaxt sıraya dönəcəyi barədə məlumat verilmir.

Xatırladaq ki, lüksemburqlu yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qarabağ”la səfər oyununda zədələnmişdi.

Vensan Till 2023-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, paytaxt təmsilçisində 22 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 52 oyun keçirib, 3 qola imza atıb. O, karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.