“Verder” Nəbini mövsümün sonuna kimi heyətdən kənarlaşdırdı

Bremen “Verder”i “musiqiçilər”in qvineyalı mərkəz yarımmüdafiəçisi Nəbi Keytaya münasibətdə intizam və cəza tədbiri tətbiq edib.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Keyta mövsümün sonuna qədər müddətə komandanın heyətindən kənarlaşdırılıb. Bunun səbəbi qvineyalı futbolçunun Bundesliqanın 29-cu turunun “Bayer”lə ev oyununa (0:5) əsas heyətdə daxil edilmədiyini öyrəndikdən sonra, oyuna çıxmaqdan imtinası səbəb olub.

“Verder”in Keytanı ciddi məbləğdə cərimələdiyi də bildirilir. Qvineyalı futbolçu artıq komanda ilə məşq etməyəcək və əsas komandanın paltardəyişmə otağına giriş hüququna malik olmayacaq.

“Biz klub olaraq Nəbinin davranışına dözməyəcəyik. O, son vaxtlar formamıza görə çətin məqamda olan öz komandasını yarıda qoydu, heyətində futbolçuların olmasına rəğmən, öz maraqlarını komandanın maraqlarından üstün tutdu. Bunun baş verməsinə icazə verə bilmərik. Mövsümün bu mərhələsində bizə qalan oyunlara tam diqqət və birlikdə olan komanda lazımdır. Buna görə də bizim digər seçimimiz qalmadı”, – klubun mətbuat xidməti komandanın idarəçisi Klemens Fritsdən sitat gətirir.

Nəbi Keyta “Verder”ə 2023-cü ilin iyulunda “Liverpul”dan azad agent qismində keçib. Qvineyalı futbolçunun Bremen təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyta “Verder”in heyətində bütün yarışlarda 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Nəbi Keyta 2014-cü ilin may ayında debüt etdiyi Qvineya yığmasının heyətində 54 oyuna çıxıb, 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı qvineyalı mərkəz yarımmüdafiəçisi Nəbi Keytanın transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.