Avropa Konfrans Liqasının “Vest Hem”lə final qarşılaşması “Fiorentina”nın kapitanı Kristiano Biraqi üçün ikiqat uğursuz alındı.
Arena.az xəbər verir ki, tribunadan atılan plastik pivə stəkanı kapitanın başının yarılması ilə nəticələndi.
Hamının canlı yayımda aşkar gördüyü və şərhə ehtiyacı olmayan bu məqamla bağlı artıq əlaqədar orqanlar ölçü götürmək üçün araşdırma aparırlar. Böyük ehtimalla UEFA bu hadisəyə görə İngiltərə klubunu sərt cəzalandıracaq.
“Vest Hem” isə bu biabırçılığa yol vermiş azarkeşlərlə bağlı bəyanat yayıb:
“Müvafiq davranışların futbolda yeri yoxdur. Bu, heç bir şəkildə futbol klubumuzun, bu həftə Praqada və son iki mövsümdə Avropa yarışlarında özünü qüsursuz aparan azarkeşlərimizin böyük əksəriyyətinin dəyərlərini əks etdirmir.
Biz hadisələri nəzərdən keçirmək və qanun pozuntusunda təqsirli bilinən hər kəsə qarşı tədbir görmək üçün polis və digər əlaqədar orqanlarla əməkdaşlıq edəcəyik. Mütləq dözülməzlik ehtiva edən yanaşmamıza uyğun olaraq, hadisədə şəxsiyyəti müəyyən edilən hər kəs haqda məlumat polisə təhvil veriləcək. Ona qeyri-müəyyən müddətə qadağa qoyulacaq və müvafiq olaraq London stadionuna daxil ola və klubla səyahət edə bilməyəcək. “Vest Hem Yunayted”də müvafiq davranışa yer yoxdur”.
Xatırladaq ki, Konfrans Liqasının final oyunu ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda həlledici qolu 90-cı dəqiqədə bu komandanın braziliyalı yarımmüdafiəçisi Lukas Paketanın zərgər dəqiqliyi ilə verdiyi ötürmədən sonra qapıçı ilə təkbətək çıxan vinger Carrod Bouen vurub.
Nəticədə İngiltərə klubu tarixində ilk dəfə Avropa Konfrans Liqasını qazanıb.