“Vest Hem” – İngiltərənin avrokuboklarda yeni rekordçusu

“Vest Hem” Avropa kuboklarında 17 oyunluq məğlubiyyətsizlik silsiləsini müəyyənləşdirmiş ilk İngiltərə komandasına çevrilib.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadla məlumat verir.

“Çəkicdöyənlər” müvafiq nailiyyətə oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Frayburq”la oyunda əzmkar səfər qələbəsi (2:1) ilə imza atıblar. Vurğulayaq ki, 17 oyunluq məğlubiyyətsizlik silsiləsinə bu komandanın avrokubokların təsnifat mərhələsindəki oyunlarının nəticəsi də daxildir.

Londonluların rekord silsiləsi ötən mövsümdəki çıxışları ilə başlayıb. Sonda “Vest Hem” 2022/2023 mövsümündə Avropa Konfrans Liqasının qalibi olub. “Çəkicdöyənlər” finalda “Fiorentina” üzərində 2:1 hesabı ilə qələbə qazanıblar.

Hazırda London təmsilçisi Avropa Liqasının A qrupunda 6 xalla liderdir. Növbəti, 3-cü tür çərçivəsində London təmsilçisi Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.