“Vest Hem”dən ilk və İngiltərə üçün 8-ci vəsiqə!

Vest Hem”in Avropa Konfrans Liqasının final oyununda “Fiorentina” üzərində qələbəsi İngiltərəyə avrokuboklarda daha bir vəsiqə qazandırıb.

Arena.az xəbər verir ki, növbəti mövsümdə İngiltərə Premyer Liqası avrokuboklarda 8 komanda ilə təmsil olunacaq.

İngiltərə çempionu “Mançester Siti”, “gümüş” “Arsenal”, “bürünc” “Mançester Yunayted” və fəxri dördüncü “Nyukasl Yunayted” UEFA Çempionlar Liqasında çıxış edəcəklər.

Premyer Liqada müvafiq olaraq 5-6-cı yerləri bölüşdürən “Liverpul” və “Brayton” Avropa Liqasında iştirak edəcəklər.

“Vest Hem” isə Avropa Liqasına vəsiqəni Avropa Konfrans Liqasındakı qələbə sayəsində əldə edib. Sözügedən komanda İtaliya təmsilçisi “Fiorentina”nı 2:1 hesabıyla məğlub edərək, Konfrans Liqasının ikinci qalibinə çevrilib.

Milli çempionatın yekunlarına əsasən 7-ci olmuş “Aston Villa” isə gücünü Avropa Konfrans Liqasında sınayacaq.

Xatırladaq ki, “Vest Hem” İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünü 40 xalla turnir cədvəlinin 14-cü pilləsində başa vurub.

Yeri gəlmişkən, London təmsilçisi maraqlı ilkə də imza atıb. Bu komanda “Fiorentina” ilə oyundakı zəfər sayəsində bir avrokubok mövsümündə 12-ci qələbəsini rəsmiləşdirib. Bu isə İngiltərə klubları üçün unikal göstəricidir. Belə ki, Devid Moyesin yetirmələrinin bu mövsüm Avropa arenasındakı qalibiyyət sayı Premyer Liqadakından çox olub. Komanda İngiltərə Premyer Liqasının geridə qalan mövsümündə 38 oyundan cəmi 11-də qələbə qazanıb. 7 heç-heçə etmiş komanda, 20 oyunda da məğlubiyyətə üzülüb. Bir sözlə, tarixdə ilk dəfə bir İngiltərə klubu mövsüm ərzində avrokuboklarda daxili birincilikdən çox qələbə sevinci yaşayıb.