Viktor Bonifase: “Premyer Liqanı sevmirəm”

Leverkuzen “Bayer”inin hücumçusu Viktor Bonifase İngiltərə Premyer Liqasını sevmədiyini açıq surətdə bildirib.

Arena.az nigeriyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən Premyer Liqanı çox da sevmirəm. İspan və alman futboluna üstünlük verirəm. Elə bir xüsus yoxdur ki, mənə yaxşı komanda yaxınlaşsa, ora keçməyimə əngəl olsun. Amma yaşamaq və oynamaq istədiyim iki ölkəni seçməli olsam, Almaniya və İspaniyanı seçərdim”, deyə Bonifase vurğulayıb.

Xatırladaq ki, Viktor Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Bodo Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,5 milyon avro müqabilində Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Bonifase “Bayer”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib. Onun Leverkuzen klubundakı karyerası bütövlükdə 41 oyun, 25 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Vurğulayaq ki, Viktor “əczaçılar”ın əsas oyunçularından biridir. O, bu klubla Almaniya çempionu olub, eləcə də Almaniya Kubokunun və Almaniya Super Kubokunun baş mükafatına sahib çıxıb.

Viktor Bonifase 2023-cü ilin sentyabr ayında debüt etdiyi Nigeriya yığma komandasının heyətində 7 oyuna çıxıb. O, bu oyunlarda 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.